AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçiriləcək
Feb 15, 2024 | 10:11 Konfranslar, iclaslar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd edilməsi haqqında müddəalar öz əksini tapmışdır. 

Məhəmməd Füzulinin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur. Ulu Öndər Heydər Əliyev ənənələrinin davamçısı olan ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı da klassik ədəbi-mədəni irsə verilən yüksək qiymətin təzahürüdür.

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına, bütövlükdə dünya ədəbiyyatına töhfələr verən qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyamızın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Ədəbiyyat tariximizdə yaranan ikinci ən böyük ədəbi məktəb də məhz onun adı ilə bağlıdır.

Dünya ədəbiyyatının görkəmli simalarından olan Məhəmməd Füzuli irsinin öyrənilməsi daim tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Dahi şairin bədii-fəlsəfi baxışlar sistemi Şərq mədəniyyətinin, türk milli-mədəni irsinin ən parlaq nümunələri kimi həm də ümumbəşəri dəyərlər müstəvisində mühüm əhəmiyyətə malik sistem kimi müxtəlif yönlərdən araşdırılmışdır.

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Şamaxıda görkəmli şairin yubileyi şərəfinə “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransı keçiriləcək. Sizi Məhəmməd Füzulinin zəngin bədii yaradıcılığında folklor qaynaqlarının, milli-mənəvi dəyərlərin araşdırılmasını əhatə edəcək məruzələrlə konfransda iştiraka dəvət edirik.

Mühüm tarixlər:

- Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə xülasələrini 20 mart 2024-cü il tarixinədək fuzuli530@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

- Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 25 mart 2024-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.

- Konfrans 5 aprel 2024-cü il tarixində gerçəkləşdiriləcəkdir.

- Məruzələrin tam mətni 1 may 2024-cü il tarixinə qədər təqdim edilməlidir.

- Konfransda məruzə etməyən şəxslərin məqalələri konfrans materialları kitabına salınmayacaqdır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023