AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu işə başlayıb
Sep 10, 2026 | 10:01 Konfranslar, iclaslar

Sentyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu öz işinə başlayıb.

“Altayşünaslığın dünəni, bugünü və sabahı” mövzusuna həsr edilmiş tədbir AMEA-nın Rəyasət Heyəti, AMEA Folklor İnstitutu və “Azərsun Holdinq” MMC-nin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), TÜRKSOY, Türk Tarix Qurumu, Beynəlxalq Türk Akademiyası və Xaricdəki Türklər və Əqrəba Topluluqları Başkanlığının (YTB) dəstəyi ilə keçirilir.

XIV Beynəlxalq Altay Topluluqları Simpoziumuna Azərbaycanla yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Monqolustan, Hindistan, Çin, Yaponiya, Şimali Makedoniya, Macarıstan, Almaniya və Rusiya Federasiyasından nümayəndələr qatılıb.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Altayşünaslıq üzrə beynəlxalq elmi toplantıların dünya türkologiya elminin inkişafına mühüm töhfələr verdiyini bildirib. O, uzun illər ərzində Azərbaycan alimləri ilə Altayşünaslıq və türkologiya sahəsində fəaliyyət göstərən elmi mərkəzlər arasında möhkəm əlaqələrin və əməkdaşlıq körpülərinin qurulduğunu qeyd edib, həmçinin ötən illərdə müxtəlif ölkələrdə keçirilən Altay Topluluqları Simpoziumlarında iştirak etdiyini xatırladıb. Akademik İsa Həbibbəyli bu ilki simpoziumda bir sıra ölkələrdən alim və tədqiqatçıların iştirakının tədbirin beynəlxalq elmi əhəmiyyətini daha da artırdığını vurğulayıb.

AMEA prezidenti simpoziumun 1926-cı ildə Bakıda, məhz bu tarixi məkanda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə təşkil olunmasının xüsusi tarixi və elmi məna daşıdığını bildirib. O, bir əsr öncə keçirilən həmin mötəbər qurultayda türk xalqlarının dili, tarixi, mədəniyyəti və elmi araşdırmalarının gələcəyi ilə bağlı aparılan müzakirələrin bu gün də öz aktuallığını qoruduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, Birinci Türkoloji Qurultayın yaratdığı elmi ənənələrin davam etdirilməsi və müasir tədqiqatlarla zənginləşdirilməsi türkologiyanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Akademiya prezidenti bu baxımdan XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun Azərbaycanla beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Altay Cəmiyyətləri Akademik Qurumunun prezidenti, İstanbul 29 May Universitetinin professoru İlhan Şahin çıxış edərək tədbirin Bakıda keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O, Birinci Türkoloji Qurultayın 100 illiyinin bu simpozium üçün mühüm tarixi məna kəsb etdiyini qeyd edib. Professor İlhan Şahin yüz il əvvəl Bakıda bir araya gələn alimlərin türk xalqlarının dili, tarixi, mədəniyyəti və cəmiyyətləri ilə bağlı mühüm müzakirələr apardıqlarını xatırladıb.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türkologiya araşdırmaları tarixində yeni mərhələnin əsasını qoyduğunu deyərək bildirib ki, ötən 100 il ərzində türkologiya dil və ədəbiyyat araşdırmalarının hüdudlarını aşaraq tarix, arxeologiya, antropologiya, etnoqrafiya, incəsənət tarixi, genetika və rəqəmsal humanitar elmləri də əhatə edən geniş fənlərarası tədqiqat sahəsinə çevrilib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Altayın Türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını, bu coğrafiyanın türk tarixinin, dillərinin və Avrasiyanın erkən mədəni proseslərinin öyrənilməsində mühüm istinad sahəsi olduğunu vurğulayıb. Altay araşdırmalarında ortaq irsə sahib çıxmaqla həmin irsi monopoliyaya almaq arasında mühüm fərqin olduğunu söyləyən akademik Şahin Mustafayev tarixi-mədəni irsin hər hansı bir xalqın və ya dövlətin müstəsna mülkiyyəti kimi təqdim edilməsinin doğru olmadığını qeyd edib.

Tədbirdə, həmçinin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin Mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Türk Tarix Qurumunun sədri prof. Haluk Selvi, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva və keçmiş TİKA başkanı Halit Eren çıxış edərək Altay xalqlarının ortaq tarixi və mədəni irsinin dərindən öyrənilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini vurğulayıblar.

Qeyd edək ki, Beynəlxalq Altay Topluluqları Simpoziumu Azərbaycanda ilk dəfədir keçirilir. Dörd gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında davam edəcək simpozium çərçivəsində 15 ölkəni təmsil edən alim və mütəxəssislərin ümumilikdə 121 məruzəsi dinləniləcək.

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023