AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II beynəlxalq elmi konfrans
Mar 13, 2026 | 14:26 Elanlar

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzi, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 7 iyul 2026-ci il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın mövzu istiqamətləri:

Nizami Gəncəvi və Türk dünyası

Nizami Gəncəvi və Azərbaycan şifahi xalq ədəbiyyatı

Nizami Gəncəvi və dünya ədəbiyyatı

Nizami Gəncəvi yaradıcılığında din və irfan

Nizami Gəncəvi və incəsənət

Nizami Gəncəvi yaradıcılığında bəşərilik və birgəyaşayış məfhumu

Nizami Gəncəvi: Sələflər və xələflər

Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, türk, özbək və rus dilləri

Konfrans materiallarının  tərtibatına dair tələblər:

Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Microsoft Office Word proqramında A4 formatda, Times New Romanda - 12 şriftində (qara rəngdə), 1,5 intervalda yığılmalı, vərəqin sol kənarından 2,5 sm, sağdan 1,5 sm, yuxarıdan 3,0 sm, aşağıdan 2,5 sm boş sahə buraxılmalı, abzaslar 1,5 sm parametrlərinə uyğun olaraq yazılmalıdır.

Vərəqin baş tərəfində sağda müəllif(lər)in adı, atasının adı, soyadı (tam açıq şəkildə); elmi dərəcəsi, elmi adı; işlədiyi və təhsil aldığı elmi müəssisənin (doktorant və dissertantlar üçün) adı, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) yazılmalıdır.

Konfrans materialının (məqalə və ya tezislərin) mətni 3000 işarədən az olmamalıdır; - mərkəzdə konfrans materialının adı 12 şriftlə, böyük qara hərflərlə yazılmalıdır.

Xülasə: 150 sözdən az olmamalıdır, açar sözlər minimum 5 söz (azərbaycan və ingilis dillərində) olmalıdır. Hər bir xülasədə məqalənin adı və müəllif(lər)in tam adı göstərilməlidir. Bir nəfərin müəllifliyi və ya həmmüəllifliyi ilə yalnız bir konfrans materialı qəbul edilir.

Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə uyğun göstərilməlidir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [3, s.48-57], [2]). Məruzəçinin adının altından xətt çəkilməlidir.

Məqalələrin son göndərilmə tarixi: 7 iyun 2026-cı il

Konfrans materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq.

Məqalənin (tezislərin) konfrans materiallarına daxil edilməsi müvafiq bölmələr tərəfindən müəyyənləşdiriləcəkdir. Zərurət yarandıqda bölmənin irad və qeydləri əsasında məqalənin (tezislərin) yenidən göndərilməsi istəniləcəkdir. Bölmənin irad və qeydləri qəbul edilmədikdə və düzəliş edilərək vaxtında göndərilmədikdə məqalə (tezislər) konfrans materiallarına daxil edilməyəcəkdir.

Konfransın keçiriləcəyi ünvan: AMEA Gəncə Bölməsi, AZ 2000, Heydər Əliyev prospekti, 419.

Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:

Əlaqə telefonu: +994506881598

E-mail: nizamiganjavi885@gmail.com

 www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023