AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İslamın müqəddəs mərkəzi - Şəhərsalma və memarlıq” adlı kitab çapdan çıxıb
Mar 13, 2026 | 14:24 Yeni nəşrlər

AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, Memarlar İttifaqının üzvü, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Zərnaz İmanzadənin “İslamın müqəddəs mərkəzi - Şəhərsalma və memarlıq” adlı kitabı işıq üzü görüb.

Oxuculara təqdim olunan bu kitab bütün müsəlmanların müqəddəs şəhəri olan Məkkənin memarlıq və səhərsalma sənətinin, eyni zamanda müqəddəs məkanların - Kəbənin və Məscid əl-Haramın memarlıq-planlaşma və kompozisiya-bədii xüsusiyyətlərinin tarixi perspektivdən başlayan baxış bucağı ilə dərindən nəzərdən keçirilməsinin ilk təcrübəsidir.

Məlum obyektiv səbəblərə - Səudiyyə Ərəbistanı Krallığının sərt iqlim şəraiti və son vaxtlara qədər qeyri-müsəlmanların və xüsusən də keçmiş sosialist düşərgəsinin nümayəndələrinin ölkəyə səfərlərinin məhdudlaşdırılmasi kimi spesifik qanunlarına görə bu ölkənin mədəniyyət, memarlıq və şəhərsalma sənətinin öyrənilməsinə  həsr olunmuş ciddi elmi araşdırmaların sayı çox azdır. Təbiidir ki, bütün bunlar ilk növbədə, bu yüksək mədəniyyətin fenomenlərindən birinə, dünya müsəlmanları üçün  ən böyük dəyər kəsb edən müqəddəs Məkkə şəhəri  və orada yerləşən Kəbə və Məscid əl- Harama şamil edilir. İslamın ildən-ilə dəyişən bu çox maraqlı abidələri haqqında  keçmiş sovet və Azərbaycan memarlıq elmində çox cüzi və qırıq-qırıq məlumatlar mövcuddur. Ədəbiyyatda çox az və əsasən də dini xarakter daşıyan məlumatlara rast gəlinir. İndiyə qədər Məkkə şəhərinin memarlıq və  şəhərsalma baxımından  tarixi inkişafını bütövlükdə əhatə edən heç bir tədqiqat işi aparılmamışdır. Müqəddəs Kəbə və Məscid əl-Haramın memarlığı da memarlıq tarixinin ən az işıqlandırılan və tədqiq olunan sahələrindən biridir.                                               

Oxuculara təqdim olunan “İslamın müqəddəs mərkəzi - Şəhərsalma və memarlıq” adlı   bu kitabda həmin boşluğun aradan qaldırılmasına cəhd edilmişdur. Bu kitab, bəzən tarixin hələ də öz mövqelərini əfsanələrə uduzduğu dövrlərə də müraciət edərək, oxucunu bu müqəddəs yerlərin uzaq keçmişini və indiki zamanda olan mövcud durumunu kəşf etməyə dəvət edir.

Böyük İslam sivilizasiyasının mənşəyinə, onun inkişaf yollarına, İslam dünyasının adət-ənənələrinə, bir mədəni-ictimai hadisə kimi marağın getdikcə artdığı, İslamla, onun müqəddəs yerləri ilə təkcə özünü müsəlman hesab edənlərin deyil, həm də digər mənəvi ənənələrin nümayəndələrinin də maraqlandığı bir dövrdə yazılmış bu kitab həm elmi-təcrübi, həm də ideoloji əhəmiyyətə malikdir.

Bu kitab memarlıq universitetlərinin müəllimləri tərəfindən memarlıq tarixinin tədrisində,  dinşünaslıq fakültələri üçün isə İslam tarixinin öyrənilməsi üçün dərs vəsaiti kimi istifadə oluna və dünya memarlıq tarixi barədə əsərlərin yazılmasında qiymətli mənbə  və sənəd kimi  xidmət edə bilər.

Yuxarıda qeyd olunanlara əlavə olaraq, bu əsər Şərqin müsəlman ölkələrinin memarlıq və şəhərsalma sənəti tarixinə, həmçinin müasir memarlığına aid əsərlərin yazılması zamanı faydalı ola bilər.

Azərbaycanda Həcc və Ümrə ziyarətinə gedənlərin sayının ildən-ilə artdığı bir şəraitdə kitab zəvvarlar üçün İslamın Məkkə, Mina, Müzdəlifə, Ərəfət kimi ecazkar yerləri, həmçinin görkəmli müqəddəs abidələri - Kəbə və Məscid əl-Haram haqqında dəyərli məlumat mənbəyi ola bilər.

Bu kitabla tanışlıq oxucuya həm ümumi İslam ənənəvi mədəni dəyərlərini, həm də Krallığın bu dəyərlərə əsaslanan  mədəni nailiyyətlərini daha dərindən anlamağa kömək edəcək, eyni zamanda, müsəlman dəyərlərinin təbliğinə, sivilizasiyalararası dialoqun inkişafına da öz töhfəsini verəcəkdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023