AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Vətənim” verilişinin unudulmaz şair Mikayıl Müşfiqə həsr olunan ikinci buraxılışı yayımlanıb
Jan 28, 2026 | 14:22 Maraqlı məlumatlar

Mədəniyyət kanalında “Vətənim” verilişinin Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, repressiya qurbanı, unudulmaz şair Mikayıl Müşfiqə həsr olunan ikinci buraxılışı yayımlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verilişdə 1936-cı ilin yayında Pirşağıda, Mikayıl Müşfiq tərəfindən yazılan və dahi şairin son dövr yaradıcılığına aid olan "Yenə o bağ olaydı" şeirindən bəhs edilib.

Akademik Rafael Hüseynov bildirib ki, "Yenə o bağ olaydı" şeiri "Gənc işçi” qəzetində dərc edilib. Nakam şair dillər əzbəri olan bu şerini Buzovna qayalarında duyğulanaraq, ata-baba bağında, tuğaylıqda yazıb. Mikayıl Müşfiq “Yenə o bağ olaydı” şeirini həyat yoldaşı Dilbər xanıma deyil, yazıçı Ənvər Məmmədxanlının bacısı Arifə Məmmədxanlıya yazıb. Çox az insanın bildiyi bu sirrin üstünü Arifə Məmmədxanlının özü, ölüm ayağında Rafael Hüseynova müsahibəsində açıb.

1970-ci illərin sonlarında Azərbaycan Radiosunda yayımlanan "Axşam görüşləri" verilişinin iki buraxılışının Mikayıl Müşfiqə həsr olunduğunu söyləyən akademik Rafael Hüseynov həmin verilişlərdə Dilbər xanımla maraqlı söhbətlərin yer aldığını qeyd edib. Bildirilib ki, 1936-cı ilin dekabrında Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi, tərcüməçi-dilçi alim İdris Axundzadə həbs edilib. İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş və bu həbs hər iki ədibi sarsıdıb.

O, Mikayıl Müşfiqin Əkrəm Cəfərlə münasibətlərindən də bəhs edib.

“Vətənim” verilişini buradan izləyə bilərsiniz.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023