AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunda akademik Afad Qurbanova həsr olunmuş elmi sessiya keçirilib
Jan 26, 2026 | 13:26 Konfranslar, iclaslar

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müasir Azərbaycan əlifbasının müəllifi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, görkəmli-dilçi alim akademik Afad Qurbanovun elmi irsinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbiri institutun direktoru, professor Nadir Məmmədli giriş sözü ilə açaraq akademik Afad Qurbanovun Azərbaycan dilçiliyinin inkişafındakı müstəsna xidmətlərindən söz açıb. "Akademikin onomostika, ümumi dilçilik və dilçilik nəzəriyyəsi sahələrində apardığı araşdırmalar bu gün də elmi ictimaiyyət üçün dəyərli istiqamət və örnək olaraq qalmaqdadır" deyə professor çıxışında bildirib.

Açılış çıxışından sonra elmi sessiya məruzələrlə davam etdirilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Afad Qurbanov və onomastika” adlı məruzəsində görkəmli alimin elmi fəaliyyəti, tədqiqat istiqamətləri və dilçilik məktəbinin formalaşmasındakı rolundan bəhs edib.

Professor Sayalı Sadıqova “Afad Qurbanovun yaradıcılığı” adlı məruzəsində "Azərbaycan dilçiliyində ilk dəfə olaraq onomostika məsələlərinin sistemli şəkildə həlli və tədqiqi A.Qurbanovun adı ilə bağlıdır" deyə qeyd edib.

Professor Məsud Mahmudov “Afad Qurbanovun dilçilik görüşləri” adlı çıxışında alimin ümumi dilçilik və dil nəzəriyyəsinə dair baxışlarını müasir elmi yanaşmalar konteksində şərh edib.

Filologiya elmlər doktoru, dosent Nəriman Seyidəliyev “Afad Qurbanov və ümumi dilçilik” adlı məruzəsində isə "Ümumi dilçilik problemlərinin nəzəri istiqamətdə tədqiqində, bu sahədə elmi məktəb yaradılmasında Afad Qurbanovun öz dəst-xətti, konsepsiyası vardır" sözləri ilə çıxışını yekunlaşdırıb.

Sonda Dilçilik İnstitutunun əməkdaşları və tələbələri akademiklə bağlı öz xatirələrini bölüşüblər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023