Dec 09, 2025 | 14:05 Görüşlər
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans keçirilib.
AzərTac xəbər verir ki, konfransda hökumət üzvləri və nümayəndələri, dilçi-alimlər, ədəbiyyat xadimləri, media sahəsində fəaliyyət göstərən qurumların rəhbərləri, Milli Məclisin deputatları, Parlament Aparatının məsul şəxsləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, konfransın məqsədi Azərbaycan dilinin qorunması və inkişafı strategiyalarını müzakirə etmək, bu istiqamətdə parlamentin, elmi ictimaiyyətin və ziyalıların vəzifələrini müəyyən etməkdir. O qeyd edib ki, dilimizin qorunması sahəsində, həm də dövlət dili səviyyəsinə yüksəldilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlar danılmazdır.
S.Qafarova diqqətə çatdırıb ki, Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Bu vəzifələr dilin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyası, terminologiyaların elmi əsaslarla yenilənməsi və s. ibarətdir. Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir.
Dil siyasətinin yeni mərhələsindən danışan Sahibə Qafarova diqqətə çatdırıb ki, qarşıya qoyulan əsas hədəflər arasında Təhsildə müasir metod və texnologiyalarla dil tədrisinin təkmilləşdirilməsi, Mediada və ictimai məkanda ədəbi dil normalarına əməl olunmasının gücləndirilməsi, Terminologiyanın geniş elmi bazada eyniləşdirilməsi və yenilənməsi, Azərbaycan dilinin dünya elmi və mədəni məkanında nüfuzunun artırılması, Azərbaycan dilinin rəqəmsal və texnoloji platformalarda tam funksional tətbiqi, Süni intellekt sistemlərinə dilimizin inteqrasiya səviyyəsinin yüksəldilməsi əsas prioritetlər sırasındadır.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti, Toponimiya komissiyasının sədri akademik İsa Həbibbəyli, Milli Məclis sədrinin müavini Rafael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Audiovizual Şuranın sədri İsmət Səttarov və digərləri çıxış ediblər.
Çıxış edənlər Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı səsləndirdiyi fikirləri Azərbaycan dilinin gələcək inkişaf strategiyasını müəyyən edən fundamental tezislər kimi dəyərləndiriblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin müdafiəsi sahəsində həyata keçirdiyi tarixi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi dövlət dilinin inkişafında yeni mərhələnin əsasını qoyur. Bildiriblər ki, Azərbaycan dili dövlətçiliyin və xalqın birliyinin mühüm atributu kimi qorunmalı və inkişaf etdirilməlidir.
Çıxışlarda Azərbaycan dilinin saflığının qorunması, mediada dilin düzgün istifadəsi, rəsmi, mədəni və işgüzar mühitdə, ədəbiyyatda, ümumiyyətlə, ictimai həyatın bütün sahələrində ədəbi dil normalarına riayət olunması, təhsil sistemində Azərbaycan dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, elmi-metodik əsaslarının təkmilləşdirilməsi, AMEA-nın dövlət dili siyasətinə elmi dəstəyi, normativ bazanın elmi əsaslarla hazırlanması və dövrün çağırışlarına uyğun yenilənməsi, Azərbaycan toponimlərinin qorunması ilə bağlı fikirlər bildirilib, rəy və təkliflər səsləndirilib.


