Nov 27, 2025 | 15:12 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Mərkəzi Asiya: Ortaq mənəvi-maarifləndirici irs - ortaq gələcək” adlı beynəlxalq konqresdə iştirak edib.
İslam Sivilizasiya Mərkəzində keçirilmiş, 6 ölkədən (Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Türkmənistan) 350-yə yaxın dünyaca məşhur alim və mütəxəssislərin, sənətşünasların, bu ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konqresdə akademik Teymur Kərimli “İkinci müəllimin dahi şagirdi (Əl-Fərabi və Nizami Gəncəvi haqqında)” (“Гениальный ученик второго учителя (об Аль-Фараби и Низами Гянджеви)”) mövzusunda məruzə edib. Akademik çıxışında İslam dünyasında peripatetik fəlsəfənin inkişafında mühüm xidmətləri olmuş, riyaziyyat, tibb və musiqi elmlərinə misilsiz töhfələr vermiş, “İkinci müəllim” (əl-Müəllim əs-sani) fəxri adını qazanmış filosof-alim Əl-Fərabinin və XII əsr farsdilli poeziyasının klassiki, orta əsrlər Şərqinin ən böyük şairlərindən biri, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş dahi sənətkar Nizami Gəncəvinin həyatından söz açıb, Azərbaycan və ümumilikdə Şərq mədəniyyəti üçün əvəzsiz töhfələr vermiş bu iki dahinin yaradıcılığından bəhs edib. Alimimizin çıxışı konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, çıxışçı ona ünvanlanan sualları cavablandırıb.
İslam Sivilizasiya Mərkəzinin direktoru Firdavs Abduxaliqov akademik Teymur Kərimliyə geniş və əhatəli çıxışına görə dərin minnətdarlığını bildirib, onun tədbirdə fəal və səmimi iştirakını yüksək dəyərləndirdiyini vurğulayıb. Qeyd edib ki, alimimizin elmi, mədəni, akademik və peşəkar töhfəsi konqresin ümumi uğurunun mühüm bir hissəsidir.
Konqres çərçivəsində T.Kərimli iştirakçılarla birgə “Mərkəzi Asiya: böyük keçmiş və böyük gələcək” adlı rəsm sərgisi, “Gil yazıdan rəqəmsal arxivlərə: Mərkəzi Asiyada kitabxanaçılıq yolu” mövzusunda ekspozisiya sərgisi və İslam Sivilizasiya Mərkəzi Muzeyində nümayiş olunan eksponatlarla tanış olublar.
Konqresin bağlanış mərasimində “Mərkəzi Asiya ölkələri arasında ortaq dəyərlərin qorunması, möhkəmlənməsi və təbliği istiqamətində dövlət orqanları, təhsil və elmi-tədqiqat müəssisələrinin dayanıqlı inkişaf, sülh və dostluq naminə səylərinin birləşdirilməsi haqqında” yekun bəyannamə qəbul olunub.
Sonda Mərkəzin qarşısında konqres iştirakçılarının xatirə fotosu çəkilib.
Qeyd edək ki, beynəlxalq konqres İslam Sivilizasiya Mərkəzi ilə Xarici İşlər Nazirliyi, Özbəkistan Elmlər Akademiyası, Mərkəzi Asiya Beynəlxalq İnstitutu və Özbəkistan Mədəni İrsinin Öyrənilməsi, Qorunması və Populyarlaşdırılması üzrə Ümumdünya Cəmiyyətinin (WOSCU) birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.
www.science.gov.az


