Nov 20, 2025 | 11:05 Mühüm hadisələr
Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin (TCİB) 35 illik yubiley tədbiri keçirilib.
Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının (AMK) nəzdində İncəsənət Gimnaziyasının xorunun ifasında Dövlət Himni səsləndirilib, ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad olunub.
Daha sonra tədbirdə Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə, tarix elmləri doktoru, professor Fuad Məmmədov, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Dil hazırlığı kafedrasının rəisi, polis polkovniki Elçin Orucov, Təhsil Cəmiyyətinin 1990-cı illərdə İdarə Heyətinin sədr müavini olmuş Ağalar Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin baş mütəxəssisi Zeynəb Həcəmova və digər çıxışçılar Təhsil Cəmiyyəti haqqında fikirlərini bölüşüb, təbriklərini çatdırıblar.
Gənc tədqiqatçı Zeynəb Həcəmova “Azərbaycanın pedaqoji və psixoloji fikir tarixində milli özünüdərk fenomeni – Təhsil Cəmiyyətinin simasında” adlı məruzə ilə çıxış edərək Təhsil Cəmiyyətinin yaranma tarixi və Azərbaycanın elm və təhsil sahəsində gördüyü işlər, Azərbaycanın pedaqoji və psixoloji fikir tarixində milli özünüdərk məsələləri, Prezident İlham Əliyevin Azərbaycanda elm və təhsilin inkişafı istiqamətində apardığı mühüm islahatlar, habelə yenicə müdafiəsi keçirilən tədqiqat işinin əsas elmi nəticələrinə istinad edərək gənclərin vətənpərvərlik ruhunda böyüməsi və inkişafı ilə bağlı fikirlərini bölüşərək Fəxri fərmanla təltif edilib.
Sonra Təhsil Cəmiyyətinin fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən qısa video-təqdimat nümayiş olunub və tədbir bədii hissə ilə davam edib.
www.science.gov.az


