AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Təsəvvüf ədəbiyyatının görkəmli tədqiqatçısı
Nov 17, 2025 | 11:45 Müsahibələr, çıxışlar

Hər uca rütbədən biliniz, fəqət

Alimin rütbəsi ucadır, əlbət.       

Nizami Gəncəvi

Nəzakət xanım  ilə mənim şəxsi tanışlığım 2003-cü ildə olmuşdur. İnstitutun kitabxanasında kartetekaya baxırdım, birdən otağa nəcib bir xanım daxil oldu, hamı ilə salamlaşdı hal-əhval tutdu. Sonra nədənsə söz gəlib musiqidən düşdü. Mən qardaşım Natiqin bu günlərdə Rəşid Behbudov adına mahnı teatrında konserti olacağından danışdım. O, bizim söhbətə qoşuldu dedi ki: - Bizim uşaqların atası Nadir müəllim də vaxtı ilə gözəl musiqiçi olub, gözəl nağara ifaçısı idi, indi də qızıl fondda lent yazıları durur. O, Xalq artistlərimiz Sara Qədimovanı, Tükəzban İsmayılovanı... müşayət edib. Mən dedim yəqin mənim qardaşım Natiqi tanıyar. Axşam zəngləşdik yoldaşından Natiqi soruşmuşdu. Nadir müəllim: - Ay Nəzakət o bizim evin uşağı olub, mənim ifama çox qulaq asıb... O gündən bu günə qədər çox yaxın bir ailə kimi dosluğumuz var idi.

Nəzakət Fəttah qızı Məmmədli “Türkdilli əlyazmaların tədqiqi” şöbəsində işləyirdi. Vaxtaşırı görüşürdük, hər zaman əlindən gələn köməyi əsirgəməz, məsləhətlər verərdi. 2014-cü ildə müdafiəmlə bağlı seminarım idi. Nəzakət xanım semnarın üzvlərindən idi. Dissertasiyamı oxuyub müsbət bir rəy yazmışdı.  23 yanvar 2015-ci ildə “Yusif Dövlətoğlu və onun “Mənzum Fiqh” əsəri hənəfilik tarixinin öyrənilməsində mənbə kimi” adlı mövzuda fəlsəfə üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün müdafiəm olmalı idi. Mənim üçün ən önəmli, unudulmaz və yadda qalan belə bir gündə məni ilk təbrik edənlərdən biri elə məhz Nəzakət xanım olmuşdur. Həmin gün işə gələndə gördüm ki stolumun üzərində böyük bir çiçək dəstəsi var. Soruşdum bunu kim gətirib? Dedilər Nəzakət xanım gətirib. Dedi bəs mən Rübabənin müdafiəsində burda olmayacam, dedim onu birinci mən təbrik edim. Otaqlarına getdim təşəkkür etdim. Nəzakət xanım çox böyük ürək sahibi idi. Nəzakət xanım AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının üzvü, “Türk dünyası əlyazmalarının tədqiqi şöbəsi”nin baş elmi işçisi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru idi. Elmi simpoziumların və seminarların təşkili, Mövlana, Əttar kimi sufi şair və mütəfəkkirlərin əsərlərinin Azərbaycan türkcəsinə tərcüməsi, təsəvvüf ədəbiyyatının tədqiqi ilə məşğul olan Nəzakət Məmmədli Gənc aspirantların II Ümumrespublika konfransında I yerə və mükafata layiq gorülmüşdür. 2010-cu ildə alimin müəllifi olduğu “Mir Həmzə Seyid Nigari Divan”ının nəşri ilin kitabı elan olundu. O, müxtəlif illərdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Hindistan kimi ölkələrdə keçirilən beynəlxalq simpozium və konfranslarda ədəbiyyatşünaslıq elminin müxtəlif problemləri ilə bağlı məruzələr etmişdir. Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin dəstəyi ilə keçirilmiş “Ədəbiyyat günəşi” adlı məqalə müsabiqəsinin qalibi seçilmişdir. Elmi fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınan Nəzakət Məmmədli 159 elmi əsərin, 9 kitabın və 5 monoqrafiyanın (“Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi”, “Füzulinin Leyli və Məcnun əsəri: Poetikası, fəlsəfəsi, əlyazmalarının mətnşünaslıq xüsusiyyətləri”, “Seyyid Yəhya Şirvani və xəlvətilik”, “Sevdayi və onun “Leyli və Məcnun” əsəri”, “Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı”) müəllifi idi. O, tədqiq etdiyi mətni öncə ruh gözüylə görüb daha sonra məntiqi ilə dəyərləndirərək təqdim etməyi bacardığından özünün fərdi və fərqli üslubunu formalaşdıra bilmişdir. Olduğu ölkələrdə türk, fars, ingilis və rus dillərində təqdim etdiyi çıxışlarının mətnini hər zəhmətə qatlaşaraq hazırlayar, gözəl qiraətlə oxuduğu şeir haşiyələri ilə elmi çıxışlarına canlılıq qatmağı və cazibə verməyi bacarırdı. Nəzakət xanım illərdən bəri üzərində işlədiyi, vaxtsız yetişən əcəlin natamam qoyduğu əsərləri də var: Mir Həmzə Seyid Nigarinin farsca divanı və “Həşt behiştnamə”sinın tərcüməsi, Mövlananın “Məsnəvi”sinin farscadan tərcüməsi, Fəridəddin Əttarın farsca “Pəndnamə”sini eyniadlı əsərlərlə müqayisə etdiyi monoqrafiya və s.

Nəzakət Məmmədli Azərbaycandan başqa bir çox ölkələrdə - Türkiyə, İran, Yaponiya, Hindistan, Rusiya, Özbəkistan, Qazaxıstan və s. təşkil olunan konfranslarda elmi hazırlığı, gözəl nitqi və nəzakəti ilə Azərbaycanı ləyaqətlə təmsil edirdi, həm özünə, həm də ölkəmizə çox sayda dostlar qazandırmışdır. Onlardan biri ilə 26-27 sentyabr 2025-ci il tarixində Özbəkstan Respublikasının Daşkənd şəhərində keçirilən İslam Sivilizasiyası Mərkəzi Beynəlxalq ekspertlər forumunda iştirak edərkən tanış oldum. Bu mötəbər tədbirdə 40-dan çox ölkədən 200-dən çox mütəxəssislər tanınmış alimlər, muzey direktorları, kitabxanaçıları və mədəni irs mütəxəssislər iştirak edirdi. O cümlədən IRCICA, İslam Dünyası Liqası, TÜRKSOY, milli kitabxanalar və arxivlər, Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutu, Oksford Universiteti və digər aparıcı təşkilatların nümayəndələri də vardı. Fasilə vaxtı Qazaxstanlı bir xanım mənə yaxınlaşdı: - Çıxışınızdan bildim ki, siz Azərbaycandan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundansınız, sizin bir əməkdaşınız vardı Nəzakət xanım Məmmədli onu tanıyırdınız? Dedi və kövrəldi. Dedim: - bəli. Onun qəfil ölüm xəbəri bizi çox sarsıtdı. Hələ də inana bilmirik ki, elə səmimi, gözəl, xeyirxah bir  insan qəfildən dünyasını dəyişə bilər.

Bakı Dövlət Universitetinin, şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmovun vida mərasimində söylədiyi kimi: “O, öz dəsti – xətti ilə məktəb yaratmış mütəxəssisi idi. Görkəmli tədqiqatçımızın aramızdan getməsi Azərbaycan elminə çox böyük itki oldu”.

Nəzakət xanım mehriban rəftarı, mədəni davranışı və güclü xarakteri ilə başqalarından çox seçilirdi, O, milli dəyərlərə, adət-ənənələrimizə bağlı olmaqla yanaşı həm də gözəl ana idi. Ən böyük arzusu övladlarının xoş gözəl günlərini görmək, onlara toy etmək, onları ev eşik sahibi  görmək idi. Amansız ölüm imkan vermədi.

Əzizim Nəzakət xanım Siz hər zaman sizi sevənlərin qəlbində daim yaşayacaqsınız. Siz cismən aramızda yoxsuz, ruhən hər zaman bizimləsiz. Allah sizə rəhmət eləsin məzarınız nurla dolsun. Sizi sevənlərə səbr versin. Xeyirxah insan, istedadlı alim, əziz ana Nəzakət Məmmədlinin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Rübabə ŞİRİNOVA, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023