AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçirələcək
Aug 25, 2025 | 15:44 Elanlar

AMEA Folklor İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə 20-21 noyabr 2025-ci il tarixində Bakıda I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik simpoziumu keçirələcək.

Simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasının zəngin musiqi folklorunun, xüsusən balaban, zurna və saz kimi musiqi alətlərinin tarixi köklərini, mədəni kimlikdəki yerini, kollektiv mədəni yaddaşdakı izlərini elmi müstəvidə araşdırmaq, müasir yanaşmalar əsasında təqdim etməkdir.

Türk xalqlarının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi özünəməxsus töhfələrdən biri də milli olduğu dərəcədə dünyəvi dəyərləri ifadə edən qədim nəfəs alətimiz olan  balabandır. Balabanın adına “Kitabi - Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin, eləcə də orta əsrlərin qüdrətli musiqi xadimi Ədbülqadir Marağayinin risalələrində rast gəlinir. Hazırda balabanın kifayət qədər geniş repertuarı vardır. Tarixən  zurnaçı və aşıq dəstələrində möhkəm yer tutmuş balabanda qədim xalq musiqi nümunələri, muğamlar məharətlə ifa edilir. Balabanın həzin və yumşaq tembri,  ifaçılıq məziyyətləri Azərbaycan bəstəkarlarını da cəlb etmiş, müxtəlif janrlı əsərlərdə ondan solo və orkestr aləti kimi istifadə olunmuşdur.

Türk dünyasında musiqi folkloru zəngin, çoxqatlı, dinamik bir irsdir, sənət, həm də kollektiv mədəni kimliyin ifadə vasitəsidir. Musiqi folkloru vasitəsilə ötürülən kodlar milli-mədəni yaddaşın formalaşmasında aparıcı rol oynayır. Aşıq yaradıcılığı, xalq musiqisi (mahnılar və rəqs melodiyaları), milli musiqi ənənələri və yerli məktəblər, musiqi alətləri, onların semantik yükü simpoziumun əsas elmi obyektini təşkil edir.

Bununla yanaşı, simpoziumun əsas hədəflərindən biri Azərbaycan zurna-balaban məktəbinin görkəmli nümayəndəsi Əli Kərimov – Kalvalı Əli Dədə kimi tanınan ustad sənətkarın yaradıcılığı, təmsil etdiyi sənətə Türk dünyası kontekstində nəzər salınması, fərdi sənətkar taleyinin bütöv bir ənənənin kollektiv mədəni yaddaşdakı mövqeyi baxımından təhlilidir.

Simpoziumun keçirilməsində mühüm məqsədlərdən biri də türk xalqlarının maddi və qeyri-maddi irsinə, folklor nümunələrinə, musiqisinə, musiqi alətlərinə yönəlmiş özününküləşdirmə prosesinə – erməni saxtakarlıqlarına qarşı elmi arqumentlərlə cavab verməkdir.

Zurna, balaban, tar, kamança kimi alətlərin türk xalqlarından başqa xalqlarla müqayisədə ifadə imkanları baxımından özünəməxsus cəhətləri vardır. Ümumşərq mənəvi sərvət olan muğam ifaçılığında da bu alətlərlərdən istifadə olunur. Azərbaycan muğamı anlayışı bənzərsiz məzmun və ifaçılıq xüsusiyyətlərinə görə tanınmaqdadır. Bu istiqamətdə mövzuların Simpozium çərçivəsində müzakirəsi olduqca aktualdır.  

Simpoziumun əsas mövzuları:

·        Türk Dünyasında ortaq musiqi kodları və mədəni yaddaş: musiqi mədəniyyətinin formalaşması və tarixi inkişaf mərhələləri

·        Türk nəfəs və simli alətlərinin tarixi təkamülü: ənənə və müasirlik

·        Aşıq sənəti və onun müasir problemləri

·        Azərbaycan ənənəvi musiqisində balaban, zurna, saz, tar, kamança  və s. alətlərin yeri və rolu          

·        Yazılı və şifahi ədəbiyyatda balaban

·        Milli musiqi alətlərinin hazırlanması: problemlər və perspektivlər

Simpoziumun alt mövzuları:

·        Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədə: yaradıcılığı, qədim nəfəs alətinin yaşadılması, yeni, orijinal rəqs melodiyalarının yaradılması

·        Türk dünyasında zurna-balaban sənətinin tədqiqi

Əsas tarixlər:

Xülasələrin göndərilməsi üçün son tarix: 5 oktyabr 2025

Cavabların verilməsi: 10 oktyabr 2025

Tam mətnin göndərilmə tarixi: 25 oktyabr 2025

Simpozium proqramının elanı:  14 noyabr 2025

Simpoziumun keçirilmə tarixi:  20-21 noyabr 2025

         Simpoziumda iştirak şərtləri:

Qeyd: Məruzə edilməyən məqalələrə simpozium kitabında yer verilməyəcək.

İştirak və təqdimat forması

Onlayn iştirakçılar üçün zoom giriş məlumatları və parol simpozium proqramı ilə birlikdə dərc olunacaq.

Simpoziuma təqdim olunan məqalələr və mövzular haqqında məlumat balabansimpozium2025@gmail.com e-poçt ünvanı vasitəsilə həyata keçirilir.

Katiblik və əlaqə:

Lalə Şabanova (AMEA Folklor İnstitutu)

+994 51 548 62 46

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023