AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş konfransda geniş məruzə ilə çıxış edib
Jul 21, 2025 | 10:01 Mühüm hadisələr

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimi giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar  açaraq Bəxtiyar Vahabzadənin öz yaradıcılığı ilə Azərbaycan istiqlal tarixini dolğun şəkildə əks etdirdiyini vurğulayıb, xüsusilə onun “Gülüstan” poemasının milli ruhun oyanışında mühüm rol oynadığını qeyd edib. AYB sədri Anar Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovaya Fondun nəşr etdiyi “Özümüzü kəsən qılınc” kitabına görə minnətdarlığını bildirib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında qeyd edib ki, AMEA-nın Rəyasət Heyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Akademiyanın Tədbirlər planı təsdiqlənib.

Tədbirlər planında “Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal”, “Bəxtiyar Vahabzadənin poeziyasında ana dili sevgisi”, “Bəxtiyar Vahabzadə yaradıcılığının folklor konteksti”, “Bəxtiyar Vahabzadə və Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşması”, “Bəxtiyar Vahabzadə və Türk dünyası” və s. mövzularda seminar, konfranslar, dəyirmi masaların təşkili, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının Bəxtiyar Vahabzadənin yubileyinə həsr olunmuş xüsusi buraxılışının nəşri, Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili mövzusu ilə bağlı mətbuatda elmi-publisistik yazıların dərc olunması, “Bəxtiyar Vahabzadə: şəxsiyyəti və sənəti” monoqrafiyası və s. nəşrlərin çapı əksini tapıb və hazırda icra olunur.

AMEA rəhbəri çıxışında Bəxtiyar Vahabzadənin poetik irsindən misallar gətirib. “Əgər sevirsənsə, ayaq səsimdən – Gərək biləsən ki, Bəxtiyar gəlir”, - misrasını səsləndirərək onun poeziyasının gücünə diqqət çəkib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin ümumtürk siyasi düşüncəsinin Bəxtiyar Vahabzadənin yaradıcılığında öz əksini tapdığını qeyd edib və “Azərbaycan-Türkiyə” şeirində Ulu Öndərin “Bir millət, iki dövlət” ideyasının bədii şəkildə ifadəsini tapdığını vurğulayıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən şairin “Özümüzü kəsən qılınc” kitabının nəşr edilməsi təkcə ədəbi hadisə deyil, həm də milli şüuru oyandıran şairin xatirəsinə töhfədir: “Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın yox, bütün türkdilli xalqların səsidir. Biz onun irsinin qorunub, gələcək nəslə çatdırılmasına töhfə verməyimizlə qürur duyuruq”, - o bildirib.

Kitabın elmi redaktoru Fərid Hüseyn əsərin mahiyyəti haqqında məlumat verib.

Akademik Nizami Cəfərov Bəxtiyar Vahabzadənin elmi və ədəbi irsini geniş şəkildə şərh edib.

Konfransda digər tanınmış elm və ədəbiyyat xadimləri - o cümlədən, Muxtar Şaxanov, Əli Əmirli və başqaları da çıxış edərək Bəxtiyar Vahabzadə yaradıcılığına dair dəyərli fikirlərini bölüşüblər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023